Cənab Mikayıl Cabbarov “BYD” nümayəndələri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin BYD şirkətinin Avropa üzrə icraçı direktoru İsbrand Ho və BYD şirkətinin regionda təmsil edən ISR Holdinqin baş icraçı direktoru Rauf Xəlilov ilə görüşüb.

Görüşdə ölkəmizin iqtisadi prioritetləri, ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib, bu sahədə tərəfdaşlıq perspektivləri vurğulanıb, Çin şirkətləri ölkəmizdə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət olunub.

BYD şirkətinin Avropa üzrə icraçı direktoru İsbrand Ho təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri barədə danışıb, tərəfdaşlıq potensialı barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycanda elektriklə işləyən avtobuslar, hibrid və tam elektrikli avtomobillərin yığılması müəssisəsinin yaradılması məsələləri müzakirə olunub.